Gənclər və İdman Nazirliyində sərbəst güləş üzrə 3 qat olimpiya, 6 qat Avropa və 6 qat dünya çempionu Buvaytar Saytiyevlə görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, nazir müavini İsmayıl İsmayılov qonağı salamlayaraq, ölkəmizdə idmanın, o cümlədən, güləşin inkişafı istiqamətində görülən işlərdən danışıb.
İsmayılov qeyd edib ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarında 16 olimpiya növündən 11-i 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Nazir müavini yeni tikilən idman qurğularından da söz açaraq, Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə inandığını bildirib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Bakıdakı ilk Oyunların təşkilatçılıq səviyyəsi baxımından son olimpiadalar səviyyəsində olacağını vurğulayıb. Onun sözlərinə görə, Avropa Oyunlarının taleyi paytaxtımızdakı nüfuzlu yarışın təşkilatçılıq səviyyəsindən də az asılı olmayacaq. Əliyev inandığını bildirib ki, Saytiyevin Bakıya gəlişi Oyunlara impuls verəcək: "Buvaysar titullu, kifayət qədər nüfuzlu idmançıdır. Onu dəvət etməkdə məqsədimiz də güləşi daha da populyarlaşdırmaq, bu növə marağı daha da artırmaqdan ibarətdir. Ümumdünya Güləş Birliyində edilən son dəyişikliklərdən sonra güləşin hər növ üzrə 2 çəki dərəcəsi olimpiadadan kənarda qalıb. Bu, ədalətsizlikdir. Biz isə Avropa Oyunlarında bütün çəki dərəcələrində mübarizənin aparılmasına nail olmuşuq".
Yarışların təşkilatçılıq səviyyəsinə də toxunan Əliyev güləş üzrə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatından da danışıb. O bildirib ki, ötən ay baş tutmuş mundial elə aşağı səviyyədə olub ki, Azərbaycanda heç kəndlərdə belə yarış keçirilmir.
Öz növbəsində dəvətə görə minnətdarlığını bildirən Saytiyev Bakı şəhərinin və ölkəmizdə idmanın inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb. O, sərhəd və siyasi məsələlərdən asılı olmayaraq, hamının idmanla məşğul olmasını məqsədəuyğun sayıb: "Mənim 4 övladım, qardaş və bacılarımın xeyli uşağı var. Onların da sağlam nəsil kimi yetişdirilməsi üçün idmanın böyük əhəmiyyəti var. Ölkə rəhbəriniz İlham Əliyev ən güclü yarışları bura gətirir. Çünki o, xalqı sevir. Bura belə yarışları veriblərsə, bilirlər ki, burada hər cür şərait yaradılıb".
Qeyd edək ki, Buvaysar Saytiyev gün ərzində Avropa Oyunları üçün nəzərdə tutulan obyektlərdən bəziləri ilə tanış olacaq və axşam dünya çempionu Hacı Əliyevin toyunda iştirak edəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |