
29 yaşlı oyunçu bildirib ki, Ukraynadakı məlum hadisələrlə əlaqədar anası Donetskdən artıq Rusiyanın nəzarətində olan Sevastopola yollanıb. Müharibənin getdiyi şəhərdə yalnız onun qardaşı qalıb. Natalya və bacısı Yelena isə Ukraynadan xaricə üz tutub.
Bu ailənin əsl soyadı Skazkadır. 12 il öncə Natalya milliləşdirilərək, soyadını Məmmədova ilə əvəzləyib və yığmamıza cəlb olunub. 1,96 metr boya malik Məmmədova hələ 13 yaşında ikən Donetskdə idman məktəbinə göndərilib. Orada o, dərslərədək və sonra müxtəlif idman növləri - hündürlüyə tullanma, atıcılıq və üzgüçülüklə məşğul olub. Natalya hazırkı səviyyəyə çatmasına görə anasına borclu olduğunu söyləyib. O, maddi borcunu ailəsinə pul göndərməklə ödəyir.
Söhbət zamanı Məmmədova ona verilmiş "Dələ" ləqəbinin tarixçəsindən də danışıb. Bir neçə dəfə Çempionlar Liqasının ən yaxşı hücumçusu seçilmiş milli üzvü 2006-cı ildə "Azərreyl"in heyətində Türkiyə "Vakıfbank"ı ilə qarşılaşmada 47 xal toplayıb. Bu isə demək olar ki, 2 seti təkbaşına qazanmağa bərabərdir. Həmin vaxt ona "Dələ" ləqəbi verilib. Çünki dələlər də hədddən artıq ehtiyat toplamağa meylli olurlar.