Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında bürünc medal qazanmış Türkiyə sərbəst güləşçisi Şamil Ərdoğanın dopinq-testinin B nümunəsi də müsbət çıxıb. Sportnet.az-ın məlumatına görə, Dağıstan əsilli pəhləvanın sidik analizi nəticəsində qadağan olunmuş stanozolol anabolik steroidi aşkarlanıb.
A testi müsbət nəticə verdikdən sonra Türkiyə Güləş Federasiyasının B testinin açılmasına dair etirazına da baxılıb. Yekunda B testinin cavabı da müsbət olub.
Əsl soyadı Əhmədov olan güləşçi dünya çempionatı öncəsi Dağıstandan gətirilərək milliləşdirilib və dünya çempionatına Ərdoğan soyadı ilə qatılıb. 97 kq çəki dərəcəsində bürünc medal qazanmış pəhləvan nəinki özünü, hətta ümumi komanda hesabında 3-cü yeri tutan Türkiyə yığmasını bürünc medaldan məhrum edib. İndi Türkiyənin hesabından 8 xal silinərək, 33-ə endirilib. Nəticədə 36 xala malik Azərbaycan sərbəst güləş yığması 3-cü pilləyə qalxıb. Qardaş ölkə millisi isə 4-cü yerlə kifayətlənməli olacaq.