Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın "Jutarnji List"ə istinadən məlumatına görə, bu, Robert Prosineçkidir.
Xorvatiyalı mütəxəssislə AFFA rəhbərliyi arasında ötən həftə Fransanın paytaxtı Parisdə görüş keçirilib. Onun təqdimat mərasiminin isə bazar ertəsi - noyabrın 4-də təşkil ediləcəyi ehtimal olunur. Bununla da Prosineçki gələn ilin sentyabrında Bakıda öz həmyerliəri ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək.
Prosineçki bir neçə aydır Zaqrebdə təkliflərə açıq olub. Onu Türkiyə "Konyaspor"u istəsə də, Bakıdan olan maraq üzə çıxdıqdan sonra danışıqlar dayandırılıb. Təyinat gələn həftənin əvvəllərində rəsmiləşsə, yeni baş məşqçi noyabrın 16-da millimizi Norveçlə matça çıxaracaq.
Artıq "Vikipedia"da da Prosineçki millimizin baş məşqçisi qismində göstərilib.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2016-nın seçmə qrup mərhələsində ilk 3 oyunundan məğlub ayrılıb. Əvvəlcə Bolqarıstan və İtaliyaya 1:2 hesabı ilə uduzan yığmamız ardından Xorvatiya ilə qarşılaşmada darmadağın olub - 6:0. Robert Prosineçki isə ötənlərin ən tanınmış xorvatiyalı futbolçularından sayılır. O, futbolçu karyerası ərzində bir sıra tanınmış klublarla yanaşı, İspaniyanın "Barselona" və "Real Madrid" komandalarında da çıxış edib. Yığmada isə Prosineçki Yuqoslaviya və Xorvatiyanı təmsil edib və 1998-ci il dünya çempionatının bürünc mükafatçısı olub.
Hazırda 45 yaşı olan mütəxəssis baş məşqçi karyerasına 2006-cı ildə Xorvatiya yığmasında Slaven Biliçin köməkçisi qismində başlayıb. 4 il sonra o, Serbiyanın "Srvena Zvezda", 2012-ci ildə Türkiyənin "Kayserispor" komandalarına baş məşqçi təyin olunub. O, qardaş ölkə klubunu ötən ilin sonlarında tərk edib. Prosineçki baş məşqçi kimi cəmi 1 titul əldə edib ki, bu da "Srvena Zvezda" ilə 2011-2012-ci il mövsümündə Serbiya Kubokunu qazanması olub.