
Voleybolçu qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsində "Azəryol"un Türkiyədə "Fənərbağça" ilə keçirdiyi oyunda insident baş verib. Sportnet.az-ın məlumatına görə, ilk setin həlledici məqamında görüşün çexiyalı baş hakimi Milan Labastanın qərarı Azərbaycan komandası üzvlərinin etirazı ilə qarşılanıb.
"Azəryol" 20:21 hesabı ilə geridə ikən "Fənər"in hücumu nəticəsində top meydandan kənara çıxıb. Bu vaxt qonaqlar hesabın bərabərləşməsinə seviniblər. Lakin Labasta zərbə zamanı topun blokdan çölə çıxdığını bildirərək, xalı meydan sahiblərinə verib. "Azəryol" qərara komanda şəklində etiraz etsə də, nəticəsi olmayıb. Bununla da ruhdan düşən təmsilçimiz ilk setin qalan bölümündə dönüş edə bilməyib - 21:25.
Qeyd edək ki, bu, Milan Labastanın son beynəlxalq oyunu olub. Karyerasını bitirməsi münasibətilə 55 yaşlı referiyə matçdan öncə hər iki komanda hədiyyə verib. "Azəryol"un meneceri Yelena Şabovta Labastaya xalça verib.