
Futbol üzrə Türkiyə I Liqasında XXIX turun "Osmanlıspor" - "Kayserispor" matçında Kamran Ağayev müəmması yaşanıb. Sportnet.az xəbər verir ki, görüşə bir saat qalmış "Kayserispor"un "Facebook" səhifəsindən açıqlanan heyətdə Ağayevin adı start heyətində göstərilib. 
Lakin oyun başlayarkən, məlum olub ki, Azərbaycan millisinin qolkiperi ehtiyatdadır. İlk baxışdan düşünmək olardı ki, təcrübəli qapıçının start heyətdən kənarda qalması oyunöncəsi məşqdə zədələnməsi ilə bağlıdır. Amma oyuna bir neçə saat qalmış elə eyni səhifədə dərc olunan bəyanat beyinlərdə sual işarəsi yaradıb. Həmin bəyanatda bildirilir ki, Adana mətbuatında "Kayserispor"un "Osmanlıspor"a bilərəkdən oyunu verəcəyinə dair xəbərlər dərc olunub. Belə şayiələr doğru çıxacağı halda, azarkeşlərin klubla haqq-hesab çəkəcəkləri barədə xəbərdarlıq edilib. Digər tərəfdən, Ağayev həqiqətən də zədəli idisə, "18-lik"dən də kənarda qalmalı idi. 
Görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib. Bu nəticədən sonra "Kayserispor" 61 xalla liderliyini davam etdirib. "Adana Dəmirspor" 55 xalla 2-ci, "Osmanlıspor" 51 xalla 3-cü pillədə qərarlaşıb.   









                 





    
    
    
    
    
    
    
    
    






















































