Azərbaycanın daha 2 taekvondoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportnet.az-ın məlumatına görə, bu uğura Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) Türkiyənin İstanbul şəhərindəki Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.
Hər iki taekvondoçu hələ finala yüksəlməklə, lisenziyanı təmin edib. Amma bununla da kifayətlənməyən Abakarova və Harçeqani son rəqiblərini də yenərək, qızıl medala yiyələnib.
Beləliklə, Azərbaycan taekvondo yığması Rio-2016-da tam tərkibdə - 4 idmançı ilə təmsil olunmaq hüququ qazanıb. Daha öncə Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) da bu vəzifənin öhdəsindən gəlib. Bu, Azərbaycan Taekvondo Federasiyası (ATF) üçün tarixi nailiyyətdir. İndiyədək ATF olimpiadalarda ən yaxşı halda 2 idmançı ilə təmsil olunub.
Avropa Olimpiya Təsnifat Turniri
Kişilər (80 kq)
1/8 final. Milad Beigi Harçeqani - Yanis Kauna (Latviya) - 16:0
1/4 final. Milad Beigi Harçeqani - Arman Yeremyan (Ermənistan) - 11:1
1/2 final. Milad Beigi Harçeqani - Yunus Sarı (Türkiyə) - 10:1
FİNAL. Milad Beigi Harçeqani - Pyotr Pazinski (Polşa) - 14:2
Qadınlar (49 kq)
1/8 final. Patimat Abakarova - Dina Puryunes Langerudi (WTF) - 4:1
1/4 final. Patimat Abakarova - İoanna Kutsu (Yunanıstan) - 5:1
1/2 final. Patimat Abakarova - İrina Romoldanova (Ukrayna) - 3:1
FİNAL. Patimat Abakarova - Tiyana Boqdanoviç (Serbiya) - 6:5
Qeyd edək ki, Patimat Abakarova və Milad Beigi Harçeqani Azərbaycanın qarşıdakı olimpiadaya qazandığı lisenziya sayını 32-yə çatdırıb.