Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi qəbul edib. Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin onəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib. Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən "Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd edib və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.
Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi də qəbul edib.