Güləş idman növünün daha da populyarlaşması və gülüəş marağın artırılması məqsədilə Dünya Güləş Birliyi güləş qaydalarında mütəmadi olaraq dəyişikliklər edir.
Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, martın 20-dən bir sıra yeni dəyişikliklər qüvvəyə minib. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə bütün yaş qruplarına aid olan qayda dəyişiklikləri:
- Sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalar zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək. (Yunan-Roma güləşində olduğu kimi)
- Sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək (Yunan-Roma güləşində olduğu kimi)
- Sərbəst güləşdə tətbiq edilən yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa 4 xalla qiymətləndiriləcək (Yunan-Roma güləşində olduğu kimi)
- Sərbəst güləşdə 30 saniyə aktivlik vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək
- Görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə video-təkrara baxa biləcək
- Qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək
- Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilmişdi. Bu qaydada hər hansı dəyişiklik edilməyib.
Qeyd edək ki, 8-9 apreldə Bolqarıstanda təşkil olunacaq Dan Kolov - Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar ondan sonra veriləcək. 28 mart - 2 aprel tarixlərində Macarıstanda baş tutacaq U-23 Avropa çempionatı isə partersiz sistem ilə keçiriləcək.