
2024-cü il Ümumdünya Şahmat Olimpiadası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı qərarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası verib.
Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Nüfuzlu yarış Macarıstan paytaxtında ilk dəfə 1926-cı ildə təşkil olunub. Həmin vaxt qeyri-rəsmi status daşımış turnirin qalibi elə Macarıstan olub.
Ümumdünya Şahmat Olimpiadası FIDE üzvü olan yığmalar üçün keçirilən komanda yarışıdır. Turnir ilk dəfə rəsmi statusla 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunub. Olimpiada 1950-ci ildən iki ildə bir dəfə gerçəkləşir. 2016-cı il Olimpiadasına Bakı şəhəri ev sahibliyi edib. Daha sonra şahmatçılar 2018-ci ildə Gürcüstanda bir araya gəliblər.
Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Lakin Rusiyadakı yarış koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.