Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün 23 yaşadək yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan Azərbaycan millisinin 4 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.
Toplamda 123 xal toplayan yığma ümumi hesabda 4-cü yeri tutub. Milli ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, 3 qızıl və 1 gümüş medalla məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.
Qeyd edək ki, komanda hesabında çempion olan Türkiyə qızıl medalsız qalıb. Ukrayna və Gürcüstan isə bir qızıl medal əldə edib. Azərbaycan millisi isə bu yarışda 2 rekordunu yeniləyib. Komanda həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.