
III MDB Oyunlarında 3000-dək könüllü iştirak edəcək.
Oyunların Əməliyyat Komitəsindən Sportnet.az-a verilən məlumata görə, yarışların keçiriləcəyi məkanlarda könüllülər üçün təlimlər təşkil olunur.
Gəncədə 28 sentyabrda şəhər stadionunda baş tutacaq açılış mərasimində iştirak edəcək könüllülər üçün isə xüsusi məşğələlər keçirilir.
Qeydiyyat portalı vasitəsilə 9700-dən çox müraciət daxil olub. Onlardan 7200 namizəd 24 iyunda başlamış müsahibələrdə iştirak edib və seçim prosesi uğurla başa çatdıqdan sonra təlim mərhələsinə start verilib.
Ən çox könüllü – 1250 nəfər – Gəncə şəhərində fəaliyyət göstərəcək, Qəbələdə 600, Şəkidə 350, Mingəçevirdə 255, Yevlaxda 190, Xankəndidə 185, Göygöldə isə 175 könüllü cəlb olunacaq.
Oyunlar zamanı könüllülər idman əməliyyatları, insan resurslarının və işçi qüvvəsinin idarə edilməsi, obyektlərin idarə olunması, tədbirlərin və mərasimlərin təşkili, həmçinin media əməliyyatları üzrə fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabrdan 8 oktyabradək Azərbaycanın yeddi şəhərində keçiriləcək.