Qusardakı “Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib.
Sportnet.az xəbər verir ki, açılış mərasimində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra və İsveç olmaqla, 124 atlet iştirak edib.
Rəsmi açılış mərasimində Azərbaycanda ilk dəfə belə bir yarışların təşkilinin ölkənin idman tarixində əlamətdar hadisə olduğu bildirilib və bu, ölkə rəhbərliyinin qış idman növlərinin inkişafına verdiyi önəmin və beynəlxalq idman ictimaiyyətinin Azərbaycana göstərdiyi yüksək etimadın bariz nümunəsi olduğu qeyd edilib.
Avropa çempionatı və Dünya Kuboku kimi nüfuzlu yarışların Azərbaycan üçün yalnız idman hadisəsi deyil, eyni zamanda ölkənin qış turizmi potensialının, müasir dağ-xizək infrastrukturu imkanlarının və beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək bacarığının nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Çıxışlar zamanı bu formatlı yarışların keçirilməsinin ölkədə idman sahəsində yeni nəslin formalaşmasına, peşəkar idmançıların yetişməsinə və milli komandanın beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə mühüm stimul verəcəyi, həmçinin beynəlxalq federasiyalar və idman təşkilatları ilə əməkdaşlığın genişlənməsinə, gələcək birgə layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycanı Avropa çempionatı və Dünya Kubokunda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.
Martın 8-dək davam edəcək yarışlarda U-18 və U-20 kategoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafed (mixed relay) fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.































































































