5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, əvvəlcə Qazax şəhəri Ədəbiyyat Muzeyinin qarşısından idman ictimaiyyətinin iştirakı ilə idman yürüşü başlanıb və Heydər Əliyev Parkında idman federasiyaları, idman qurğuları, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər.
“İdman Paytaxtı”nın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik ediblər. “İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazaxa təqdim edilib. Ardınca Qazax “İdman Paytaxtı”nın maskotu səhnədə təqdim olunub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun çıxışından sonra həvəskar pəhləvan tərəfindən nümunəvi çıxış nümayiş olunub. Tədbirin bədii hissəsi aşıq Samir Cəlal oğlunun ifasında təqdim olunan milli musiqi ilə zənginləşib. “İdman səfiri” Xəyyam Orucovun milli idman növləri üzrə nümayişləri təqdim edilib. Akrobatika gimnastikası, taekvondo üzrə idmançıların nümayişi tədbirə xüsusi rəng qatıb. Tanınmış müğənnilər Murad Arif və Mərdan Kazımovun ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.






































































































































