Bu günlərdə Qazaxıstanın Burabay şəhərində keçirilmiş Asiya Kuboku mərhələsi Azərbaycan triatlonu tarixində ən yaddaqalanlardan oldu. İlk dəfə idi ki, beynəlxalq yarışlarda yığmamız qızıl medal qazandı. Bunu da Kseniya Levkovskaya etməyi bacardı. Bununla parallel olaraq yığmanın daha bir üzvü Aleksandr Yatsenko 8-ci yerə sahib oldu. Yarışların gedişi və qələbə sevincilə Kseniya Levkovskaya Triatlon Federasiyasının rəsmi saytına müsahibəsində bölüşüb....
- Bu, karyeranzda ilk uğurdumu?
- Bəli, bu, hələ ki, mənim qazandığım ən böyük uğurdur. Buna ikiqat sevinirəm. Sevindirici hal həm də odur ki, mən bu yarışlarda Azərbaycan bayrağı altında iştirak etmişəm. Çoxsaylı məşqlər hədər getmədi, ilk ciddi nəticə əldə olundu və bu danövbəti yarışlar ərəfəsində mənim əzmkarlığımı daha da artırır.
- Qazaxıstandakı qalibiyyət ən əsas sizə nə verir?
- Qalibiyyət çox vacibdir, çünki olimpiya təsnifat mərhələsi başlayıb və hər böyük startda Olimpiada-2016-da iştirak üçün reytinq balları toplamaq şansı yaranır. Yəni reytingli yarışlarda nə qədər çox iştirak edilsə, Riodakı Oyunara düşmək şansı bir o qədər çoxalır. Əlbəttə, Olimpiadada iştirak hər bir idmançının arzusudur. Mən buna nail olmaq istəyirəm. Və sözsüz ki, bu istiqamətdə ən əsası Bakıda keçiriləcək Avropa Oyunlarına hazır olmaqdır. Bu da yaxın 1 ilin başlıca prioritetidir.
- Yarış necə keçirdi?
- Yarış gözlənilməzliklərlə yadda qalmadı. Mən əvvəlcədən əmin idim ki, su distansiyasını yaxşı qət edəcəm. Elə də oldu. Burada 3-cü nəticəni göstərdim. Veloyürüş trası bir qədər maneəli idi, yol eniş-yoxuçlarla bol idi, amma mən buna da hazır idim. Amma qaçış... Bax, qaçış mənim üçün əvvəlcə çətin başa gəlsə də, sonradan öyrəşdim və hər şey plana uyğun inkişaf etməyə başladı. Bir sözlə, taktika və strategiya baxımından mən Asiya Kuboku etapı üçün özümdən gözlədiklərimi əldə eləyə bildim.
- Yəqin qələbə həm də idmançının öz gücünü sınaması və özünütəsdiqi üçün önəmli rol oynayır, axı qarşıda hələ nə qədər turnir var...
- Hər bir yarış güclü və zəif yerləri müəyyənləşdirmək üçün idmançıya gözəl şərait yaradır. Qarşıda hələ çox startlar var, özü də düz payızın sonuna qədər, bu baxımdan da üzərimdə hələ çox işləməli olacam.
- Qarşıya qoyduğunuz digər planlar varmı?
- İstirahət etməyə vaxt yoxdur, turnirlər faktiki non-stop rejimində gedir. Qazaxıstanda Asiya Kuboku etapında çıxışı təzə bitirib yaxın günlərdə Kiyevdə Avropa Kubokuna hazırlaşmaq lazımdır. Burada da yaxşı nəticə əldə edəcəyimə emid bəsləyirəm.