Joze Mourinyo yenidən İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi təyin olunub.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər müqavilənin bütün şərtləri üzrə razılığa gəliblər.
63 yaşlı portuqaliyalı mütəxəssislə imzalanacaq müqavilə iki illik nəzərdə tutulub.
Qeyd olunur ki, Mourinyo La Liqanın sonuncu – XXXVIII turunda keçiriləcək “Real Madrid” – “Atletik Bilbao" oyunundan sonra İspaniya paytaxtına yollanacaq. Qarşılaşma mayın 23-də baş tutacaq.
Xatırladaq ki, Joze Mourinyo daha əvvəl də 2010 – 2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub. Onun rəhbərliyi altında “kral klubu” bir dəfə İspaniya çempionu, İspaniya Kuboku və Super Kubokunun qalibi olub. Həmçinin komanda 2004-cü ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsini keçməyi bacarıb.
“Real Madrid”dən ayrıldıqdan sonra təcrübəli mütəxəssis İngiltərənin "Çelsi", "Mançester Yunayted", "Tottenhem", İtaliyanın "Roma", Türkiyənin "Fənərbağça" və Portuqaliyanın "Benfika" klublarında çalışıb.






































































