Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən sürücü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sportnet.az-ın lent.az-a istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Fərid Əmiraslanov ifadə verib. O, ifadəsində 2006-cı ildən Bakı Sərnişin Nəqliyyat İdarəsində çalışdığını deyib: "2014-cü ildə bizə tapşırıq verildi ki, ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə bağlı xidmət edəcək sürücülərin siyahısını hazırlayaq. Sərnişin daşıyan şirkətlər öz sürücülərinin siyahısını bizə təqdim elədilər. Onların bəziləri yazılı şəkildə, bəziləri "flaşkart"la, bəziləri də elektron poçt vasitəsilə anket məlumatları təhvil verdilər. Mən bunların hamısını elektronlaşdırıb, kompüterimdə cəmləşdirdim. Həmin siyahını idarəyə göndərdim. İdarə onu hüquq-mühafizə orqanlarına göndərib, yoxlatdırdı. Gələn siyahıda 286 sürücünün adı çıxarılmışdı. Onların içində hazırda təqsirləndirilən Vəli Əhmədov da var idi. Yanvar ayında həmin siyahıda adları olan sürücüləri təlimə göndərdik. Bizə tapşırıq gəldi ki, ikinci dəfə sürücülərə ehtiyac duyulacaq. Daşıyıcı şirkətlərə müraciət etdik. Yenidən siyahı göndərdilər. İkinci siyahıda isə artıq Vəli Əhmədovun adı çıxarılmamışdı. Mənim ixtiyarım yoxdur ki, kiminsə adını əlavə edim və ya öz başıma çıxarım. Vəzifəm məsləhətçidir. İndiyə qədər niyə vəzifə səhlənkarlığında təqsirləndirildiyimi anlamıram. Oyunlar zamanı gecə-gündüz işləmişəm. Bunu ümumi Azərbaycanın xeyrinə etdik. Hər zaman işimdə məsuliyyətli olmuşam. Kompüter biliklərim var. İşimi hər zaman ən yaxşı şəkildə görmüşəm”.
Bundan sonra, polis əməkdaşı, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov ifadə verib. O, ifadəsində bildirib ki, 2007-ci ildən Daxili İşlər Nazirliyində çalışır: "Nizami rayon Polis İdarəsində "Təhlükəsizlik şəhər” kameralarına nəzarət edirdim. Bizim xidməti otağa hamı girib çıxa bilirdi. Həmin otaqda 3 nəfər işləyirdik. Bir gün işdə, iki gün evdə. Oyunlar yaxınlaşan zaman 3 nəfər də əlavə işçi götürdülər. Həmin vaxtlar işə iki-iki çıxdıq. Otağımıza çox adam girib-çıxırdı, bəzən adi vətəndaşlar da daxil olub kamera görüntülərini götürürdü. Hadisə günü işə gəlirdim. Yolum Sabunçu körpüsü istiqamətindən keçib. Saat 9-da işə çata bilmədim. Hadisə isə saat 8:21-də baş verib. Saat 9:30 işə çatdım. Otaqda iş yoldaşım Emin Axundovla oturmuşduq. Kameralara nəzarət edirdim. Bu vaxt idarədən zəng elədilər ki, "Atletlər Kəndi"ndə yol-nəqliyyat hadisəsi baş verib. Otağa 15-17 polis əməkdaşı girdi. Videonu hamımız izlədik. İzləyəndə gördük ki, avtobus atletləri vurub. İş yoldaşım Eminin telefonu ilə 17 saniyəlik video çəkiliş etdim. Eminə dedim ki, onu "blutuz" vasitəsi ilə mənə göndərsin. Göndərdi. Otaqdan siqaret çəkməyə çıxdım. Aşağıda İdarənin müvəqqəti saxlama təcridxanasının rəisi Məzahir Əsgərov da var idi. O, dedi ki, həmin sürücünü artıq bura gətirmişik. Xahiş etdi ki, hadisəyə bir özü də baxsın. Dedim otağa qayıdım, gələrsən göstərərəm. Nəsə elə oldu ki, videonu ona göndərdim. Həmin günün sonlarına yaxın rəis müavini mənə dedi ki, videonu məxfiləşdirilməlidir. Özü də tapşırdı ki, kimdə görüntü varsa tez silsinlər. Mən də həmin zaman özümdə olan videonu sildim, Məzahirə də dedim ki, o da silsin. Rəis dedi ki, narahat olma silmişəm. Səhəri gün istirahət edirdim. Rəis zəng eləyib, tez bir zamanda idarəyə gəlməyimi tapşırdı. Dedim yəqin hər hansı bir hadisə olub və ona görə çağırırlar. Çünki indiyə qədər çox sayda bağlı qalan cinayət işlərini açmışam. 70-ə qədər bağlı və tapılmayan yol nəqliyyat hadisələrini, qətl və davaları kamera müşahidəmlə aşkara çıxarmışam. Buna görə də, dəfələrlə mükafatlandırılmışam. İdarəyə çatdım, rəis dedi ki, video yayılıb. Mən dedim bir Məzahirə göndərmişəm, o da silib. Məzahirin yanına getdim, o dedi ki, Nemət Mirzəyev adlı bir polisə də video göndərib. Rəis məni də, Məzahiri də danladı. Hadisədən bir müddət sonra məni Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov qəbul elədi. Hadisəni ona nəql elədim. Üstündən bir neçə gün keçəndən sonra məni cənab nazir Ramil Usubov və müavini Vilayət Eyvazov qəbul elədi. Onlara da eyni şeyləri danışdım. Həmin günü idarə rəisinin müavini mənə dedi ki, narahat olma sənlik bir şey yoxdur, bir neçə sənəd var, onlara qol çək. Mən də çəkdim. Yayılan görüntülər də mənim telefonla çəkdiyim videolar deyildi. Yayılan görüntülər kompüter vasitəsi ilə götürülmüşdü. 8 ildir bu işin içindəyəm. Telefon və yaxud kompüter vasitəsi çəkilən videonu tanıyıram. Məni aldatdılar ki, sizi bir illik işdən çıxarırıq. Sonra yenidən qaytaracağıq. Qol çəkdirdilər. Hadisədən 2 ay 28 gün sonra Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırıldım. Müstəntiqə ifadə verdim. Mənə sənədləri göstərdi ki, bunlara qol çəkmisən. Ona izah etdim ki, mənə çək dedilər, çəkdim. Orda məni həbs elədilər”.
Məhkəmə prosesində şahid qismində Nəqliyyat Nazirliyinin Nəqliyyat Hərəkətinin Təhlükəsizlik şöbəsinin rəisi Kazım Şərifov və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini Yaqub Novruzov ifadə verib. Onlar təqsirləndirilənlərdən yalnız Hüseyn Salamovu tanıdıqlarını deyiblər. Şahidlər istintaqa verdikləri ifadələri təsdiqləyib. Məhkəmə prosesi mayın 6-da davam edəcək.
Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.
V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.