
"Himalay silsiləsində faciə nəticəsində dünyasını dəyişən Murad Aşurlu Azərbaycan Alpinizm Federasiyasının (AAF) prezidenti İsrafil Aşurlunun qardaşı yox, əmisioğludur". Bunu Sportnet.az-a açıqlamasında AAF-ın vitse-prezidenti Saridan Mursaqulov deyib.
S.Mursaqulov bildirib ki, M.Aşurlu məşhur alpinistlərdən olub. O, ABŞ vətəndaşı sayılsa da, bütün yürüşlərə Azərbaycan bayrağı ilə gedib. Mərhum alpinist 2 il öncə dünyanın ən uca zirvəsi sayılan Everesti də məhz üçrəngli bayrağımızla fəth edib. 42 yaşlı idmançı AAF-a maddi köməyini də əsirgəməyib.
Vitse-prezident M.Aşurlunun ölümündən internet vasitəsilə xəbər tutduğunu bildirib. Onun sözlərinə görə, federasiya prezidenti İsrafil Aşurlu məlumat aldıqdan sonra təcili Nepala uçub. Hələlik İ.Aşurlu ilə əlaqə saxlamaq mümkün olmayıb.