"Sky Sports" "Formula 1"də cari mövsümün ən yaxşı 5 pilotunun adını açıqlayıb.
Sportnet.az xəbər verir ki, idman nəşri 5-ci pilləyə "Alfa Romeo"nun pilotu Kimi Raykkoneni layiq görüb. Raykkonen 8 Qran-pridə xal qazanmaqla yanaşı, bu mövsüm qəzaya düşməyib. Dördüncü pillədə Corc Rassel qərarlaşıb. "Williams"ın pilotu kvalifikasiya mərhələsində komanda yoldaşı Robert Kubitsanı böyük hesabla məğlub etmişdi - 12:0.
"Sky Sports"un tərtib etdiyi siyahının 3-cü pilləsi "McLaren"in pilotu Karlos Saynsa qismət olub. Sayns cari mövsümdə gözləntilərdən daha yaxşı performans göstərir və ümumi turnir cədvəlində "Red Bull"un pilotu Pyer Qaslidən 5 xal az toplayıb.
İkinci pilləni isə son dünya çempionu, "Mercedes"in pilotu Lüis Hemillton tutub. Hemilton cari mövsümün turnir cədvəlində birinci pillədədir.
"Sky Sports"un versiyasında ən yaxşı pilot isə "Red Bull"dan olan Maks Ferstappendir. Gənc pilot cari mövsümdə Lüis Hemilltona əsl kabus olub. Hazırda ümumi turnir cədvəlində üçüncü pillədə olan Ferstappen "Ferrari"nin hər iki pilotunu geridə qoyaraq Valtteri Bottasa yaxınlaşıb.
Qeyd edək ki, növbəti Qran-pri 30 avqust - 1 sentyabrda Belçikada keçiriləcək (autocity.az).