Azərbaycanda yeni jurnalist qurumu yaradılıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Federasiyası artıq təsis olunub. Təsisçi “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev oxu.az-a açıqlamasında təşkilat barədə danışıb: “Dekabrda saytınıza dediyim kimi, yanvarda bu barədə məlumat verəcəkdik. Artıq sözügedən qurumu təsis etdik. Bu qurum Ədliyyə Nazirliyində artıq qeydiyyatdan keçib. Sabah saat 15:00-da idman jurnalistlərini Milli Olimpiya Komitəsində toplayacağıq. Gələcək planlarımızı müzakirə edəcəyik. Jurnalistləri maraqlandıran suallara cavab verməyə, onları düşündürən məsələləri müzakirə etməyə çalışacağıq. Həmçinin daha sonrakı proseslərdə federasiyanın baş katibi, vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvlərini seçməyə çalışacağıq. Onu da deyim ki, İcraiyyə Komitəsində Milli Olimpiya Komitəsi, eləcə də, Gənclər və İdman Nazirliyinin nümayəndəsi də olacaq”.
Qabil Mehdiyev onu da bildirib ki, federasiyanın saytı da artıq hazırdır və ictimaiyyətə təqdim olunacaq.