"Formula 1" Azərbaycan Qran Prisinin könüllüləri və əməkdaşları “Könüllü Qonşu” aksiyasına qoşulublar.
Sportnet.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) promouteri olduğu "Formula 1" Azərbaycan Qran Prisi yarışlarının könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşkilatçılığı ilə “Könüllü Qonşu” aksiyasında yaxından iştirak edərək yardıma ehtiyacı olan qonşularına dəstək göstərirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd könüllülərin birbaşa iştirakı ilə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi rejim dövrünün tələblərinə müvafiq şəkildə, yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz olan əlillər və 65 yaşdan yuxarı ahıl şəxslərə gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir.
Formula 1 könüllüləri AKƏM-in təqdim etdiyi və həmçinin özlərinin hazırladığı elanları qonşuların görə biləcəyi yerlərə - binaların girişi və liftlərin yanına yerləşdirirlər. Bu elanlarda könüllülərin şəxsi əlaqə nömrələri də əks olunur. Köməyə ehtiyacı olan şəxslər bu nömrə ilə əlaqə saxlayaraq ən qısa müddətdə öz ehtiyaclarını təmin edə bilirlər.
Yardım zamanı könüllülər xüsusi rejimin bütün tələblərinə ciddi şəkildə riayət edirlər. Belə ki, onlar SMS vasitəsilə müvafiq xidmətdən icazə alaraq, həmçinin əlcək və maska taxaraq evdən çıxırlar, heç bir halda kömək göstərəcəyi şəxsin evinə daxil olmurlar, ünsiyətdə olduğu insanlarla azı 2 metr ara məsafəsi saxlayırlar və ərzaq və ya dərmanların alınması üçün ehtiyac sahiblərindən əvvəlcə pulu götürməklə zəruri məhsulları alaraq qəbzi ilə birlikdə təqdim edirlər.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə təsis edilib.