
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 1400 marşalından 100-ü xarici vətəndaşlar olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sportnet.az-a verilən məlumata görə, bu barədə Bakı Marşal Klubunun rəhbər marşallarının növbəti görüşündə bildirilib.
Klub üzvlərinin görüşündə ötənilki yarışın nəticələri, marşallar üçün təlim planı, həmçinin, "Formula 1"in 2022 mövsümünün reqlamentindəki dəyişikliklər müzakirə edilib. Tədbirə 100-dək marşal qatılıb.
Bildiririk ki, 2016-cı ildə “yarış rəsmiləri” üçün təlimləri xarici rəhbər marşallar keçirirdisə, 2017-ci ildən bu təlimləri peşəkar yerli rəhbər marşallar aparırlar. Son 6 ildə marşallar üçün yaradılmış təlim və kommunikasiya sistemi Azərbaycan Qran-prisinin mütəşəkkil təşkilinə töhfə verməkdədir.
Qeyd edək ki, Bakı Marşal Klubu 2016-cı ildən fəaliyyət göstərir. Bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.