Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, stend atıcılığı üzrə olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Zemfira Meftahətdinova, münsiflər heyətində yer alan rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, MDB ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser Fatimə İbrahimbəyova və federasiya rəsmiləri qatılıb.
Ç.Hüseynzadə festivalın uğurlu olacağına inandığını bildirib: "Azərbaycan Velosiped Federasiyasının Elçin Əsədov haqqında çəkdiyi film də vestivala təqdim olunub. Son zamanlar idmançılar üçün maraqlı filmlər çəkilir. Bu festival da onlara bir təkandır. Buradan təşkilatlara müraciət edirəm: İstənilən federasiyalar, televiziyalar və qurumlar qoşula və öz film, məhsullarınə təqdim edə bilərlər. Biz televiziyaların şəxsi işlərinə qarışmasaq da, filmləri yayımlamaq üçün onlara təqdim edə bilərik. Belə festivalı televiziyaların özləri keçirməli idi. Amma biz təşəbbüs göstərmişik. Olimpiya çempionları haqqında filmlər televiziyalarda yayımlanır. Bu festival sayəsində TV-lərdə kifayət qədər material olacaq".
MOK rəsmisinin sözlərinə görə, filmlərin sayı artıqca mükafatın məbləği də artacaq: "Hələlik məbləği mən də bilmirəm (gülür). Əvvəl hər nominasiya üzrə bir mükafat təyin etmişdik. Sonra isə bunu 3-ə qaldırdıq. Maddi mükafatı daha sonra müəyyənləşdirəcəyik".
Zemfira Meftahətdinova festivalı ilk dəfə keçirildiyini xatırladıb: "Amma bu, davam edəcək. Festivalın əhəmiyyəti çox böyükdür. Olimpiya çempionları haqqında filmlər çəkiləcək. Gənc nəsil onları tanımalıdır. Bu tədbir idmanın inkişafı üçün də çox vacibdir".
O.Səfərəliyev Azərbaycanda çəkilən idman haqqında filmlərin hələlik ölkədən kənarda yayımlanmağını diqqətə çatdırıb. O, federasiyaların bunun üçün çalışmalı olduğunu söyləyib.
Daha sonra festivalı rəsmi mükafatı təqdim olunub.
Bildirilib ki, bu günədək festivalın ünvanına ümumilikdə 50-dək film, proqram, promoçarx, reklam çarxı və musiqi klipi təqdim olunub. İlkin baxış nəticəsində ümümilikdə 18 layihə seçilib, festivalda iştirak üçün qəbul olunub və nominasiyalar üzrə bölünüb.
İştiraka buraxılan videoməhsullar festivalın rəsmi internet səhifəsi (https://millitvfest.az/) və Youtube kanalında (Milli İdman Televiziya Festivalı) tamaşaçıların onlarla tanış olmaları və səs vermələri üçün yerləşdirilib.
Hər nominasiyə üzrə münsiflər heyətinin xüsusi mükafatı da təqdim olunacaq. Münsiflər heyəti oktyabrın 1-dən festivala təqdim olunmuş videoməhsullara baxış keçirəcək. Baxış 10 gün ərzində olacaq. Festivalın rəsmi youtube kanalında tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri də münsiflər heyəti tərəfindən nəzərə alınacaq.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının sonunda təntənəli bağlanış mərasimi zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.
Yarışmaya qatılmaq istəyən müəlliflər və təşkilarlar öz filmlər, proqramlar, reklam çarxları və musiqili kliplərini festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim olunmalı və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərilməlidir. Festivala videoməhsulların qabulu sentyabrın 30-dək davam edəcək.