
Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycanın yığma komandası Vətənə dönüb. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq hava limanında yarışlarda uğurlu nəticələr qazanan idmançıların təntənəli qarşılanması mərasimi olub.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov bu nəticəni belə dəyərləndirib: "Federasiyamızın prezidenti Fazil Məmmədovun xüsusi göstərişi ilə yeniyetmə və gənc idmançılara diqqət artırılıb. Çünki onlar bizim gələcəyimizdir. Əsas yığma komanda üçün ehtiyat qüvvə hazırlamalıyıq. Çox şadıq ki, işimizin öhdəsindən layiqincə gələ bilirik. Yeniyetmələrimizin uğurlu çıxışı bizim düzgün yolda olduğumuzu göstərir. Əlbəttə, güləşçilərimizin, ümumilikdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin digər sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, qarşıda hələ çox böyük uğurlarımız olacaq”.
Sərbəst güləş üzrə 100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış İqbal Hacızadə deyib: "Şükür Allaha ki, Vətənə başıuca qayıdırıq. Olimpiya Oyunlarında iştirak etdiyim və Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün çox xoşbəxtəm. Gərgin görüşlər keçirdim və sonda istəyimə nail oldum. Bu mötəbər yarışa ciddi hazırlaşmışdıq. Keçdiyimiz yüksək səviyyəli hazırlıq prosesi öz bəhrəsini verdi. Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm”.
60 kq çəki dərəcəsində Olimpiya çempionu olan Teymur Məmmədov da fikirlərini səsləndirib: "Yarışlara yaxşı hazırlaşmışdıq. Final qarşılaşmasına qədər 3 görüş keçirdim. Əvvəlcə Meksika, sonra isə Misir və Braziliya güləşçiləri ilə üz-üzə gəldim. Onların hamısına böyük üstünlüklə qalib gəldim. Həlledici görüşdə rəqibim Moldova təmsilçisi oldu. Onu da məğlub edərək, ölkəmizə qızıl medal qazandırdım. Çində respublikamızın bayrağını ucaltdığım və himnini səsləndirdiyim üçün çox xoşbəxtəm. Gələcəkdə də yalnız qələbələr üçün yarışacağıq”.




















