
Bu gün Azərbaycanın üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, üçüncü yarış günündə kişilərdən Hidayət Heydərovla Rəşid Məmmədəliyev, qadınlardan isə Fidan Əlizadə tatami üzərinə çıxacaq.
Hər üç idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşacaq.
Eyni çəkidə yarışan Məmmədəliyev isə Kazbek Naquşev (BƏƏ) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
57 kq-da mübarizə aparan Əlizadə isə serbiyalı Marika Perişiçlə münasibətlərə aydınlıq gətirəcək.
Dünya çempionatı
15 iyun
Kişilər
73 kq
1/16 final. Hidayət Heydərov - Otari Kvantidze (Portuqaliya)
1/16 final. Rəşid Məhəmmədəliyev - Kazbek Naquşev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi
Qadınlar
57 kq
1/16 final. Fidan Əlizadə - Marika Perişiç (Serbiya).
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.