
2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullunun Sportnet.az-a verdiyi məlumata görə, mötəbər yarış gələn il 9 – 16 iyulda Milli Gimnastika Arenasında keçiriləcək.
Fərdi yarışlar 9–15 iyulda, qarışıq komanda yarışı isə 16 iyulda təşkil olunacaq.
ACF rəsmisi mundialın iyula salınmasının səbəbini belə izah edib: "Bizə iki təklif oldu: ya iyunun ortaları, ya da iyulun birinci yarısı. Biz ikincini seçdik. Təşkilati məsələlər və ölkədaxili yarışların təqvimi baxımından 9 - 16 iyulu seçdik. Bu, bizim seçimimizdir. Çünki gələn il aprelin sonlarında keçiriləcək Avropa çempionatından sonra dünya çempionatınadək çox az vaxt qalır.
Bu isə mundiala tam hazır olmağa problem yaradır. Bu baxımdan, iyul variantı daha məqsədəuyğun oldu. Həm də təşkilati baxımdan da iyul daha yaxşıdır".
Rəsullu dünya çempionatı ilə əlaqədar gələn il Bakıda Böyük Dəbilqənin keçirilməyəcəyini də əlavə edib: "Həm də Böyük Dəbilqə 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına lisenziya xalı verməyəcək. Dünya çempionatı isə xal verəcək".
Qeyd edək ki, Bakı dünya çempionatına ikinci dəfə ev sahibliyi edəcək. Bununla əlaqədar Beynəlxalq Cüdo Federasiyasının bayrağı bu gün təntənəli surətdə Azərbaycana təqdim olunub. Azərbaycana təqdim olunub. Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.