
III MDB Oyunlarında bu gün güləş və karate üzrə yarışlara stat veriləcək.
Sportnet.az-ın məlumatına görə, güləşçilər Gəncə Olimpiya İdman Kompleksində, karateçilər Mingəçevir şəhərindəki "Kür" Olimpiya İdman Mərkəzində mübarizə aparacaqlar.
İlk yarış günündə oğlan və qız sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar. Qarşılaşmalar saat 11:00-da başlanacaq.
Oğlan və qız karateçilər isə saat 9:30-da 4 çəki dərəcəsində və katada mübarizə aparacaqlar.
Digər idman növlərinə gəldikdə, saat 9:00-da Qəbələ Olimpiya İdman Kompleksində badmintonçuların fərdi, qoşa və qarışıq mübarizələri olacaq.
Qəbələ şəhər stadionunda saat 12:00-da Özəkistan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında 5-ci yer, saat 14:00-da Belarus və Tacikistan milliləri arasında 3-cü yer uğrunda görüş olacaq.
Saat 12:00-dan etibarən Yevlax Olimpiya İdman Kompleksində boksçu oğlanlar yarımfinal qarşılaşmalarında üz-üzə gələcəklər.
Eyni saatda Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə oğlan və qızlar arasında fərdi, qoşa və qarışıq çıxışlar başlanacaq.
Gəncə İdman Sarayında saat 11:00-da qılıncoynatmanın şpaqa növündə oğlan və qızların fərdi yarışları olacaq.
Eyni məkanda günün ikinci yarısında voleybol üzrə qadınlar arasında qrup mərhələsinin son oyunları keçiriləcək. Saat 16:00-da B qrupunun Qırğızıstan Rusiya, saat 18:30-da isə A qrupunun Özbəkistan - Azərbaycan qarşılaşması baş tutacaq.
Nəhayət, Xankəndi Stadionunda oğlan və qız oxatanlar məharətlərini göstərəcəklər.
Qeyd edək ki, hazırda Azərbaycan 62 medalla (8 qızıl, 21 gümüş və 33 bürünc) ümumi sıralamada 2-ci yerdə gedir. Rusiya 96 medalla (64 qızıl, 19 gümüş, 13 bürünc) liderdir. Üçüncü yeri isə 52 medalla (7 qızıl, 19 gümüş, 26 bürünc) Belarus tutur.