Yanvarın 22-də start götürəcək boks üzrə Azərbaycan çempionatında milli komandanın aparıcı boksçuları iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərarı yığmanın məşqçilər korpusu qəbul edib.
Qərarına əsasən, Sübhan Mamedov (50 kq), Səidcəmşid Cəfərov (75 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) ötən il iştirak etdikləri yarışların sayına və göstərdikləri nəticələrə görə Azərbaycan çempionatına qatılmayacaqlar.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 10, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
7 gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlər – Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilonqa (İtaliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vazquesin (Kuba) dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.












































































