Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında sensasiyaya imza atıb.
Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı yarımfinala yüksəlib.
Həmidova 1/16 finalda Kosovodan olan yeniyetmələr arasında Avropa çempionu Erza Muminoviçə qalib gəlib.
Həmidova növbəti görüşündə ötənilki dünya çempionu, italiyalı Assunta Skuttoya rəqib olub. Azərbaycanlı cüdoçu yüksək əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıb.
Həmidova 1/4 finalda isveçli, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının və dünya çempionatının bürünc medalçısı Tara Babulfatla qarşılaşıb. O, rəqibinə 36 saniyəyə qalib gələrək, adını yarımfinal mərhələsinə yazdırıb. Finala gedən yolda Həmidova fransalı, qarışıq komanda yarışında Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 4 qat Avropa çempionu Şirin Bukli ilə qarşılaşacaq.
Qeyd edək ki, indiyədək Şəfəq Həmidova böyüklər arasında yarışlarda heç vaxt medal qazana bilməyib.















































































