
ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə Qran Pri yarışı keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılar Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil edib.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda "Neftçi” İdman Klubunun təmsilçisi Səbinə Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə qazanıb. 1/64 finaldan yenidən mübarizəyə qoşulan Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub.
Beləliklə, o, 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak imkanlarını artırıb.
Qeyd edək ki, Səbinə Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək.








































































