
Azərbaycanın və "Qəbələ" İdman Klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən MMA üzrə "Fight Nights Global 48" turnirində uğurla çıxış edib.
O, Qran-Pri FİGHT NIGHTS yarışının 1-ci yarımfinalında İslam Beqidovla üz-üzə gəlib. 70,3 kq çəki dərəcəsində baş tutan döyüşdə azərbaycanlı idmançı rusiyalı rəqibini məğlub edib. Abbasov 3 raund davam edən gərgin görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu qələbə ilə idmançı Qran-Prinin finalına vəsiqə qazanıb.
Bu, onun MMA-da keçirdiyi 14-cü döyüşdə qazandığı 12-ci qələbədir.
Qeyd edək ki, Nəriman yarışın 1/4 final mərhələsində digər rusiyalı Nikolay Qaponovu məğlub edib.