Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub.
Onlar günü 1 qızıl və 1 bürünc medalla başa vurublar. 55 kq çəkidə təmsilçimiz Solmaz Həşimzadə Tunis, Polşa və Türkiyədən olan rəqiblərini üstələyərək, yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna güləşçisinə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşdə Kanada təmsilçisinə qalib gələrək Dünya çempionatının bürünc medalına sahib olub.
63 kq çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova ilk görüşdə Rusiya təmsilçisinə uduzsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı əldə edib. Almaniyalı rəqibini üstələyən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Monqolustan idmançısına uduzan Qəmbərova dünya çempionatını 5-ci sırada tamamlayıb.
72 kq çəkidə mübarizə aparan Səbirə Əliyeva finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Xorvatiya, Türkiyə və Qazaxstan təmsilçilərini məğlub edən güləşçimizin həlledici görüşdə rəqibi Rusiya idmançısı olub. Rəqibinə böyük hesabla qalib gələn güləşçimiz Dünya çempionatının qızıl medalına sahib olub.
48 kq
1/16 final - Şəfəq Muradzadə - Tsogt Namuuntsetseg (MGL) 4:4*
55 kq
1/16 final - Dorssaf Gharsi (TUN) - Solmaz Həşimzadə 0:11
1/8 final - Natalia Kubati (POL) - Solmaz Həşimzadə 7:10
1/4 final - Solmaz Həşimzadə - Bediha Gün (TUR) 5:0 (təmiz qələbə)
1/2 final - Tetyana Kit (UKR) - Solmaz Həşimzadə 5:0
Bürünc medal görüşü - Maske Amber (CAN) - Solmaz Həşimzadə 6:9
63 kq
1/8 final - Lyubov Ovçarova (RUS) - Elmira Qəmbərova 4:0
Təsəlliverici görüş - Elmira Qəmbərova - Luie Manzake (GER) 7:0
Bürünc medal görüşü - Elmira Qəmbərova - Burneebaatar Nyamgerel (MGL) 1:6
72 kq
1/8 final - Səbirə Əliyeva - Monika Saric (CRO) 10:0
1/4 final - Səbirə Əliyeva - Gamze Durkan (TUR) 5:3
1/2 final - Səbirə Əliyeva - Jamila Bagbergenova (KAZ) 5:0
FİNAL - Səbirə Əliyeva - Anjela Kataeva (RUS) 13:5
Qeyd edək ki, gənc qızların yarışının ilk günündə Raqnetta Qurbanzadə (67 kq) bürünc medal qazanıb.