Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, turnirdə baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazanıb.
Qızıl medallara Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) sahib çıxıb. Hər iki pəhləvan finalda Türkiyə təmsilçisindən üstün olub. Əliyev Abdi Zurnaçını 4:1 hesabı ilə üstələdiyi halda Aslanbek Alborov Rza Yıdırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib.
57 kq-da mübarizə aparan Mahir Əmiraslanov isə daha bir türkiyəli Süleyman Atlıya final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.
Komanda hesabında yığmamız Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.