Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 14-dən baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn yığma məşqlərini Bakı Boks Mərkəzində keçir. Təlim-məşq toplanışına hər çəkidə 2 nəfər olmaqla, 16 boksçu cəlb olunub. Mundaiala hazırlığın son mərhələsində boksçular gündə iki dəfə məşq edir. Səhər hazırlığında əsasən fiziki çalışmalar yerinə yetirən idmançılar axşam məşqlərini rinqdə gerçəkləşdirirlər. Toplanış sentyabrın 5-dək davam edəcək. Bundan sonra boksçular Rusiya yollanacaqlar.
Qeyd edək ki, dünya çempionatı 8 çəki dərəcəsində keçiriləcək. Sentyabrın 8-də açılış mərasimi olacaq mundialda ilk döyüşlər ertəsi gün təşkil ediləcək. Qaliblərin adları isə sentyabrın 21-də dəqiqləşəcək.