Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov final görüşünə çıxıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi ABŞ təmsilçisi Kayl Deyk olub. Görüş ötənilki dünya çempionatında olduğu kimi, yenə Deykin qələbəsi ilə yekunlaşıb. İlk yarıda 0:2 hesabı ilə geri düşən Həsənov ikinci hissənin əvvəlində də rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə o, 2:4 hesabı ilə uduzaraq, yenə gümüş medalla kifayətlənib.
---------
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün sərbəst güləşçilərin 4 çəki dərəcəsi üzrə final görüşləri ilə yekun vurulacaq.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü final qarşılaşmasına çıxacaq. Artıq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Şərif Şərifov (97 kq) rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayevlə üz-üzə gələcək. Onlar ötən il Rusiyanın Kaspiysk şəhərində keçirilmiş Avropa çempionatının finalında görüşmüş və həmin vaxt Sadullayev qələbə qazanmışdı.
Qeyri olimpiya çəkisində isə Cəbrayıl Həsənov (79 kq) ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq. Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.
Dünya çempionatı
22 sentyabr
79 kq
FİNAL. Cəbrayıl Həsənov - Kayl Deyk (ABŞ) - 2:4
97 kq
FİNAL. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya) - 0:4
Qeyd edək ki, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də "Tokio-2020"yə lisenziya qazanıb.