Milli idman növü olan sərbəst güləşdə Azərbaycanı Tokio olimpiadasında cəmi 3 nəfər təmsil edəcək. Sportnet.az xəbər verir ki, onlardan yalnız Hacı Əliyev (65 kq) azərbaycanlıdır. Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifovun (97 kq) haralı olduqlarını deməyə ehtiyac yoxdur.
Yəni, sərbəst güləşdə 6 mümkün lisenziyadan yarısı sahibsiz qaldı. Daha doğrusu, bizə yox, başqalarına qismət oldu. Çünki son lisenziya şansı olan Dünya Olimpiya Təsnifat Turnirinə özümüzünkülər aparılmamışdı. Aparılanların haralı olduqlarını da deməyə ehtiyac yoxdur.
Yox, birini deyək, çünki o, məlum xalqlardan deyil, gürcüdür. Özü də bilirsiniz hansı çəkidə? Baş məşqçi Namiq Abdullayevin 21 il əvvəl olimpiya çempionluğu qazandığı ən aşağı çəkidə. Ən aşağı çəki o vaxt 54 kq idi, indi 57 kq.
Yenə bu çəkidə yetərincə güclü azərbaycanlı sərbəst güləşçilər var. Elə Mİnsk-2019 Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov, son Avropa çempionatının bürünc mükafatçısı Əfqan Xaşalovu misal çəkmək kifayətdir. Əmiraslanov iki il əvvəl 26 iyun - Silahlı Qüvvələr günündə fəxri kürsüyə yüksəlmişdi, Xaşalov isə Vətən müharibəsinin iştirakçısıdır.
Amma Azərbaycan Güləş Federasiyası son lisenziya yarışına azərbaycanlıları yox, legionerləri göndərib. Onlardan isə heç biri finala çıxa bilməyərək, lisenziyasız qalıb.
Bunun nəticəsində Azərbaycan Tokio olimpiadasında ən az sayda - 3 sərbəst güləşçi ilə təmsil olunacaq. Halbuki əvvəlki olimpiadalarda bu göstərici ən pis halda 4 olub:
Atlanta-1996 - 6
Sidney-2000 - 6
Afina-2004 - 4
Pekin-2008 - 7
London-2012 - 6
Rio-2016 - 6
Beləliklə, Namiq Abdullayevin olimpiya medalları ilə başlayan sərbəst güləş nailiyyətləri elə onun baş məşqçiliyi altında uğursuzluğa düşar olmaqdadır. Bu fakt "Yaxşı idmançı yaxşı baş məşqçi demək deyil" fikrinin əyani sübutudur.