Portuqaliyadakı Qran-pridən öncə karantinə alınmış Azərbaycan millisinin cüdoçuları ölkəyə qayıdıb.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, COVID-19 testləri müsbət çıxmış heyət üzvlərindən 5 nəfəri fevralın 3-də, 3 nəfəri isə bu gün müalicələrini və təcrid müddətlərini başa vuraraq Bakıya gəliblər.
Qeyd edək ki, Almada şəhərində keçirilmiş turnirdə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi 5-i mübarizə aparıb. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyiblər.
Y.Nəcəfov, Z.Poladov və R.İsmayılovun Bakıda verdikləri test nəticələri neqativ olsa da, onlar texniki səbəbdən Portuqaliyaya aparılmayıb. N.Mirzəyev, Z.Tskayev, A.Vəliyeva, Ş.Həmidova və S.Əliyevadan Portuqaliyada götürülmüş analiz nəticələri pozitiv çıxdığından sözügedən cüdoçular yarışa buraxılmayıb. Bu idmançıların Bakıda verdikləri test nəticələri mənfi olub.
Bundan başqa, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət millinin böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi müsbət çıxıb.
Cüdo yığması Portuqaliya Qran-prisini bir medalla bitirib. 60 kq-da çıxış edən Balabəy Ağayev ikinci yeri tutub.