"Vətəndə qızıl medal qazanıb Azərbaycanın adını uca tutmaq bizim üçün xoşdur. Milli komandamız yaxşı nəticələr verdi. Bizim karateçilər hər zaman güclü olub. Tokio-2020 Yay Olimpiya Oyunlarında 2 gümüş medal qazanmaqla bunu sübut etmişik. Gələcəkdə daha yaxşı nəticələr vermək istəyirik".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.
84 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, bu yarışın Bakıda təşkili onun üçün xüsusi önəm daşıyırdı: "Vətəndə bacardığından daha çoxunu ortaya qoymağa çalışırsan. Ancaq çempion olmaq, öz xalqını, ailə üzvlərini, bir szlə, hər kəsi sevindirmək istəyirsən. Sevindirici haldır ki, buna nail ola bildim".
10 il öncə Bakıda gənclər arasında Avropa çemionu olduğunu xatırladan Qurbanlı yenidən Azərbaycanda dünya səviyyəli yarışda fərqləndiyi üçün sevindiyini söyləyib: "Burada qazandığım qızıl medal gələn il keçiriləcək Avropa Oyunları üçün yaxşı xallar verirdi. Hazırda reytinqdə ən azı ilk "3-lük"dəyəm. Bu isə o deməkdir ki, artıq Oyunlara lisenziya qazanmışam".
Karateçi bu il Qran-pri yarışlarına elə də ciddi yanaşmadığını vurğulayıb: "Çünki məni daha güclü yarışlar gözləyirdi. Ona görə də bilərəkdən həmin turnirlərə bütün gücümü qoymurdum. İslamiadaya hazırlaşmışdım. Şükürlər olsun ki, Konyadan gümüş medalla qayıtdım. Amma mən özümü İslamiadanın qalibi kimi hiss edirəm. Çünki orada çox haqsızlıq oldu. Sübut etdim ki, mən bu çəkinin 1 nömrələrindənəm".