
“Ola bilsin ki, 2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Olimpiadada kikboksinq proqramda yer alsın”.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının (AKF) I vitse-prezidenti Ramal Aslanov qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi yarışlarda da kikboksinqin təmsil olunması nəzərdə tutulur: "Kikboksinq tək Azərbaycanda yox, dünyada inkişaf etməkdədir. 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarından sonra 2030-cu il analoji yarış üçün kikboksinqin də proqrama salınması müzakirə olunacaq. Bu barədə oktyabrın 3-də İtaliyada keçirilmiş WAKO-nun Baş Assambleyasında deyilib”.
Aslanovun sözlərinə görə, İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatı Azərbaycan idmançıları üçün çox uğurlu keçib: “Bu il mötəbər yarışdakı nəticə ötənilkindən daha yaxşı olub. Kikboksinqin Azərbaycanda inkişafı göz qabağındadır. Ötən il Monteneqrodakı yeniyetmə və gənclərin Avropa çempionatında rekord sayda medal qazanmışdıq. Bu il o nəticəni yenilədik. Üstəlik, Monteneqrodakı yarışdan fərqli olaraq, bu, dünya çempionatı idi. Bildiyiniz kimi, dünya çempionatı daha prestijli, daha mötəbər yarışdır. Bu yarışda 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazandıq".