Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Yenə 2:0 hesabı ilə qalib gələn Dadaşov həm qızıl medala, həm də Krakov-2023-ə lisenziyaya sahib olub.
Ondan fərqli, Xanoğlan Kərimov (63 kq) bürünc medalla kifayətlənib. O, moldovalı Alin Manolu 2:0 hesablı qələbə ilə yarışdan kənarlaşdırsa da, yarımfinalda norveçli Kristian Borgenə 0:2 hesabı ilə uduzub və üçüncü yeri tutub.
Aprelin 9-da Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanır.
Qeyd edək ki, Səyyad Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci azərbaycanlı taekvondoçudur. Ona qədər Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları 23 - 26 iyunda keçiriləcək.