
"Mikayıl Cabbarov 4 il ərzində görülən işlər, federasiyanın uğurları haqqında danışdı. Mənim əsas vəzifəm bu uğuru davam etdirməkdir. Etimadı doğrultmağa və bu idmanın növünün daha kütləvi olmasına çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti Balakişi Qasımov qurumun ümumi yığıncağı zamanı bu vəzifəyə seçilməsindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk vaxtlarla müqayisədə bu idman növü ilə məşğul olanların sayı 2 dəfə artıb: "Bu artımın daha çox olmasına çalışacağıq. Bundan sonra da uğurlarımız, nailiyyətlərimiz olmalıdır".
Qasımov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün hədəflərini də açıqlayıb: "Azərbaycanın Tokio olimpiadasında olduğu Parisdəki yarışda da təmsil olunmasını istəyirik. Hazırkı heyətlə 4 il çiyin-çiyinə bu işə davam etdirəcəyik".
Qeyd edək ki, Fikrət Zeynalov və Fərhad Kasimov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov baş katib vəzifəsini yerinə yetirəcək. Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.