
Son günlərdə qar yağışı xüsusən ölkənin şimal-qərb bölgəsində intensiv olub. Bu səbəbdən də Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə qarın altında qalıb və onu təmizləmək də mümkünsüzə çevrilib.
Sportnet.az xəbər verir ki, bu məqamı nəzərə alan Peşəkar Futbol Liqası “Zaqatala” klubunun müraciəti və MOİK-in də razılığı əsasında I Liqada XVI turun fevralın 28-də keçirilməli olan “Zaqatala” – MOİK oyununun yerini III dövrədə baş tutacaq XXIV turun MOİK – “Zaqatala” görüşünün məkanı ilə dəyişmək qərarına gəlib.
Beləliklə, fevralın 28-də MOİK rəqibini Binə qəsəbə stadionunda qəbul edəcək. Oyunun başlama saatı dəyişməz olaraq qalır. Qarşılaşma saat 14:00-da start götürəcək.