
"Əlbəttə, çətin oyunda qələbə qazanaraq, növbəti mərhələyə yüksəlməyimizə sevinirik".
Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mustafa Sek evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra klub televiziyasına açıqlamasında deyib.
Seneqallı yarımmüdafiəçinin fikrincə, "Sabah" komandasına qarşı yarımfinal oyunları heç də asan keçməyəcək: "Artıq növbəti mərhələdəyik. Yarımfinaldakı rəqibimizin "Sabah" komandası olacağını bilirdik. Heç də asan oyunlar olmayacaq. Lakin qarşılaşmalar hələ apreldədir. O vaxtadək çempionat oyunlarımız var. Ona görə də bundan sonra Premyer Liqa oyunlarına köklənəcəyik".
"Neftçi" növbəti görüşünü də "Kəpəz"ə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasında XXV turun oyunu martın 5-də Tovuz şəhər stadionunda təşkil olunacaq: "Yenə "Kəpəz"lə üz-üzə gələcəyik. Çox çətin oyun olacaq. Onlar bizə qarşı daha da inamlı çıxış etməyə çalışacaqlar. Son oyunlarda qələbələr əldə etməklə özümüzə inamımızı daha da artırmışıq. Qarşıdakı matça da qələbə üçün çıxacağıq", - deyə 29 yaşlı legioner bildirib.