
“Son qarşılaşmada biz Azərbaycana məğlub olmuşduq. Sabah rahat olmayacaq, həmin məğlubiyyət komanda üçün motivasiya da ola bilər. Qələbə üçün meydana çıxacağıq”.
Sportnet.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Alos Ferrer Karlos Azərbaycan millisi ilə yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis istənilən şəraitdə bu oyunda qələbəyə kökləndiklərini bildirib: “İki fərqli örtükdə oynamaq çətindir. Hərəsinin öz çətinliyi var. Həmçinin iki fərqli havada çıxış edəcəyik.
Bundan əvvəl Tacikistana qarşı oyun süni örtükdə baş tutmuşdu. Həm də orada hava isti idi. İndi isə təbii meydan və soyuq havada oynayacağıq. Azərbaycana tez gəldik. Məşqlər etdik və adaptasiya dövrünü tez keçdik, hazırıq. İki oyun arasında müqayisə aparmaq istəmirəm. Fərqli oyunlar izləyəcəyik”.
Heyətlə bağlı suala isə baş məşqçi belə cavab verib: “Hamı hazırdır. Problemli və ya zədəli oyunçumuz yoxdur. Bircə qalıb sabahki oyunla bağlı yekun heyət qərarının verilməsi. Hazırda rəqib çətin vəziyyətdədir.
Həm mətbuat, həm də azarkeşlər tərəfindən inanılmaz təzyiq var. Bunlar son oyundakı məğlubiyyət və ondan öncəki nəticələrə görədir. Belarus yığmasında isə belə vəziyyət yoxdur”.
Karlos sabahki oyunda heyətdə ciddi dəyişikliklər edə biləcəyini də istisna etməyib: “Futbolda hər zaman təzyiq var. Belarus sabahki oyunda məğlub olsa, biz təzyiq altında olacağıq. Onu deyə bilərik ki, Azərbaycan millisi çox yaxşı komandadır. Rəqibə çox hörmətlə yanaşırıq. Eyni zamanda, yoldaşlıq oyunu olduğunu nəzərə alaraq, sistemdə nələrisə sınaqdan keçirmək fürsəti əldə edə biləcəyik. Futbolda tez-tez dəyişikliklər olur. Ona görə təzyiq amili nisbi məsələdir”.
Rəqib baş məşqçi portuqaliyalı həmkarı Fernandu Santuşun Azərbaycandakı fəaliyyəti barədə suala isə belə cavab verib: “Fernandu Santuş top-məşqçidir, böyük komandalarda çalışıb, ona hörmətim böyükdür. Klub səviyyəsində “Portu” və “Benfika”da, eləcə də Portuqaliya millisində çalışıb. Amma oyun üslubları fərqlidir. Çünki şərtlər və oyunçular fərqli olub. Ona görə oyun üslubunu müqayisə etmək çətindir. Biz sadəcə özümüz də əlimizdən gələni edib qələbə qazanmaq üçün meydana çıxacağıq. Sabahki oyunda da çox yaxşı komandaya qarşı çıxış edəcəyik”.
Qeyd edək ki, Azərbaycan - Belarus oyunu saat 21:45-də “Bank Respublika Arena”da baş tutacaq.