
"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Abbas Hüseynov iki ay fasilədən sonra “Neftçi” ilə oyunda yaşıl meydana qayıda bilər.
Bu barədə Teleqraf-a Hüseynovun özü məlumat verib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Səbail"ə qarşı fevralın 6-da keçirilmiş ilk matçında əzələsini dartan 30 yaşlı müdafiəçi artıq zədəsinin tam sağaldığını bildirib.
O, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, meydana çıxmağa hazır olduğunu deyib: “Son bir həftədir özümü çox yaxşı hiss edirəm. İki ay sürən zədədən qayıtmaq asan deyil.
Amma bacardığımı edir, oyunlardan sonra da qalıb məşq keçirəm. Bu da mənim borcumdur. Yaxşı formada olmaq, yüksək nəticə göstərmək istəyirsənsə, daha çox çalışmalısan. Əlimdən gələni edirəm ki, üzərimdə işləyib əsas heyətdə yer qazanım”.
Qeyd edək ki, “Qarabağ" "Neftçi" ilə aprelin 19-da qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək.