
"Şanslarımız olsa da dəyərləndirə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matça itkilərlə çıxdıqlarını bildirib: "Bir neçə oyunçumuz zədə səbəbi ilə, Elmir Tağıyev isə sarı vərəqə limitini doldurduğu üçün bu oyunda iştirak etmirdi. Ona görə də rotasiyalarımız çox oldu.
Dəyişikliklər də çox edə bilmədik. Rəqib bir səhvimizdən istifadə edərək önə keçdi. Şanslarımız olsa da dəyərləndirə bilmədik. Ayaqlaşmaq istəyiriksə, qabağa baxmaq, çalışmaq lazımdır.
O, Şamaxı səfərindən xalsız döndüklərinə görə heyifsilənmədiyini vurğulayıb: "Heyifsilənmək bizə heç nə verməyəcək. Buna dəyməz. Önəmlisi olan səhvlərimizdən nəticə çıxarmaqdır".
Baş məşqçi komandasının zədəli oyunçuları barədə söz açıb: "Mahamadu Banın növbəti oyuna hazır olacağına inanıram, Rauf Hüseynli də isə 50-nin 50-yədir".
Azər Bağırov cari mövsümdə "Sumqayıt" və "Şamaxı" oyunlarında qələbə qazana bilməməkləri ilə bağlı suala belə cavab verib: "Ümumi götürəndə oyuna yaxşı hazırlaşmışdıq. Rəqibə çox şanslar vermədik. Belə oyunlarda psixoloji cəhəddən təzyiq çox olur. Amma bir neçə epizodumuz oldu. "Şamaxı"da bunun heç yarısı qədər olmadı".