
“Stefan Akaya qarşı irqçi ifadə işlədilməsi barədə məndə hər hansı məlumat yoxdur. AFFA İntizam Komitəsinin qərarından da xəbərsizəm. Məncə. elə şey olmayıb, ya da bir nəfər deyib. Bunu sırf “Neftçi” azarkeşlərinə bağlamaq istəmirəm”.
Sportnet.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis vacib qələbə qazandıqları üçün sevincli olduğunu qeyd edib: “Futbolçularımı təbrik edirəm. Birinci hissə bizim üçün daha rahat keçdi, 2 top fərqi ilə öndə idik. Amma istər fasilədə, istərsə də bütün həftə boyu “Sumqayıt” barədə məlumat verdikdə rəngarəng, özünəinamlı və baxımlı oynayan komanda olduğunu xatırlatdıq. Bunda da Vaqif Cavadovun böyük rolu var. Maraqlı işlər görür, oyunun içində, xüsusilə hücumda diqqət cəlb edən həmlələr tətbiq edir. Buna baxmayaraq, ikinci hissənin əvvəlində qol buraxdıq. Ondan sonra komandamın üzərində müəyyən stres yarandı. “Sumqayıt” daha böyük qüvvə ilə irəli getməyə başladı. Onların oyunçu dəyişiklikləri də o yöndə idi ki, hücumu gücləndirərək hesabı bərabərləşdirsinlər. Biz isə məcburiyyətdən son dəqiqələrdə müdafiəyə meylli əvəzləmələr etdik. Rəqibi, üzərimizə gəlməsindən sonra müdafiədə yaranan boşluqlarından istifadə edib əks-hücumlarda yaxalamaq istəyirdik. O dəqiqələrdə "Sumqayıt"ın da hücumları oldu, hesabı bərabərləşdirmək istəyirdilər. Şükür ki, biz qələbə qazandıq. Futbolçularımı təbrik edir, “Sumqayıt”a uğurlar arzulayıram”.
Sadıqov komandasının məğlub olacağı halda, “Qarabağ”ın erkən çempion ola bilmə ehtimalının baş tutmaması barədə sualı belə cavablandırıb: “Açığı, o barədə düşünmürdük. Onsuz da “Qarabağ” çempiondur, onu rəsmiləşdirmək qalıb. Hazırda yalnız özümüzü düşünürük. Avrokuboklara düşmək, imkan olsa, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Oyun gedərkən də onları düşünmürdüm. Biz ikinci qolu buraxsaydıq da, futbolçularıma o qədər qəzəblənməyəcəkdim. Stresli perioddur, son turlar yaxınlaşdıqca komandaların üzərində müəyyən stres olacaq. Kim bunu daha yaxşı idarə edəcəksə, o komanda da daha uğurlu olacaq”.
Baş məşqçi futbolçu olaraq çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubunun Super Liqaya vəsiqə qazanmasına da münasibət bildirib: “Çox sevindim. O komanda, o şəhər, o azarkeşlər yüksək liqanı haqq edirlər. Azarkeşlər adına çox şadam. Şəhərdə böyük stadion tikildi. “Bursaspor”, “Kocaelispor” kimi komandalar Super Liqada oynamağa layiqdirlər. Onları yaxından izləyib, azarkeşlik edəcəyəm”.
Təcrübəli mütəxəssis ötən tur “Neftçi” azarkeşlərinin Stefan Akaya qarşı irqçi davranışlarından sonra onun psixoloji durumundan danışıb: “Biz onu zədəsi ilə bağlı əvəzləmək istədik, amma davam edərək zədəsini bir qədər də pisləşdirdi. Artıq iki-üç həftə oyunlarda iştirak edə bilməyəcək. Amma ikinci hissədə göstərdiyi performansına görə zədələnməsinə dəyərdi. Çox vacib qələbə qazandıq. Aka çox gözəl xarakterli insandır. Açığı, epizodu görməmişəm. İrqçi ifadələri eşitsəydim, şərh edərdim”.
Sadıqov növbəti mövsüm legioner limitinin aradan qaldırılacağı təqdirdə, komandanın heyətindəki yerli futbolçuların öz talelərindən narahat olmamalarının gərəkliyini dilə gətirib: “Müqavilə müddətinin uzadılması prosesi dəyişmir. Amma rəqabət olacaq, güclü olan oynayacaq. Bu mövsüm Konfrans Liqasında Slovakiya DAK-ına qarşı oyunda 5 yerli ilə çıxış etmişdik. Orada limit yox idi. O üzdən də hər şey futbolçuların özlərindən aslıdır. Kim güclüdürsə, o oynayacaq. Heyətimizdə növbəti mövsüm də yerlilər olacaq. Bizdə dəyərli yerlilər çoxdur. Bəziləri ilə müqavilə davam edir, bəziləri ilə yeni anlaşmamız olacaq. Danışıq apardığım, danışacağımız furbolçular var. Amma oyunçuların çoxu bizimlə davam edəcək”.
Qeyd edək ki, “Zirə” 61 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.