
"Hər halda, uduzmadıq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Elvin Məmmədov evdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssisin sözlərinə görə, komandası qələbə qazana da bilərdi: "Bizi çətin oyunun gözlədiyini bilirdik. Ən azından ona görə ki, rəqibin turnir cədvəlindəki mövqeyi və futbolçularının fərdi keyfiyyətlərinə bələd idik.
Yaxşı oyun oldu, futbolçular əzmkar mübarizə apardılar. Geridə olduğumuz oyunda bərabərlik yaratdıq.
Son dəqiqələrdə də qol vursaydıq, bəlkə də bu gün 3 xalı qeyd edərək, daha motivasiyalı olardıq. Bundan sonrakı oyunları düşünərək, çatışmazlıqlar üzərində işləyəcəyik".
Məmmədov uzatma dəqiqələrində Madi Quetanın qaçırdığı əlverişli fürsəti hər bir futbolçunun başına gələcək olay adlandırıb.
O, son pillədən qurtulma ümidlərini hələ də qaldığını söyləyib: "Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə də olmasın?! Qismətimizdə varsa, istəyimizə nail ola bilərik. Biz futbolçulara güvənməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Ümidliyik, əlimizdən gələnin maksimumunu edəcəyik. Deməzdim ki, qarşıdakı turlarda bizi asan təqvim gözləyir. Hər bir oyun bizim üçün çətindir. Növbəti tur səfərdə "Şamaxı"ya qarşı oyunumuz var. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv fiziki və taktiki cəhətdən hazır komandadır. Onlar kimi, bizim üçün də hər oyun çətindir. Bu səbəbdən, pozitiv danışaraq, bu durumdan çıxmalıyıq. Əl-qolumuzu sallasaq, heç nəyə nail ola bilmərik".
Qeyd edək ki, 32 oyundan sonra 21 xala malik "Səbail" qalan 4 turda özündən 7 xal irəlidəki "Kəpəz"i keçə bilməsə, Premyer Liqanı tərk etməli olacaq.