
Qurban Qurbanov baş məşqçi kimi 11-ci dəfə Azərbaycan çempionu tituluna yiyələnib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 53 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
Qurbanov bu çempionluqları son 12 ildə qazanıb. 11-ci titul Azərbaycan Premyer Liqasının XXXII turunda təmin olunub.
Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı kimi tarixə düşüb.
Ümumiyyətlə, 11 baş məşqçi Azərbaycan çempionatının qızıl medalını qazanıb. Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007.
Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) 4,
Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/2006, 2011/2012, 2012/2013) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko Hacıyevski 2008/2009, Kaxaber Tsxadadze 2009/2010, Arif Əsədov 2010/2011 və Samir Abasov 2020/2021 mövsümündə yeganə çempionluğunu qeyd edib.