
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Milli Mətbuatının 150 illik yubileyində iştirak etməyə hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssisin özü açıqlama verib.
O bildirib ki, dəvət etsələr, mərasimə qatılmağa çalışacaq.
Qurbanovun fikrincə, Azərbaycan futbolunun inkişafında media böyük güc sahibidir. O, jurnalistlərdən futbola və futbolçulara dayaq olmalarını istəyib: Biz də hər zaman sizlərin yanında olmağa çalışmışıq. Əlbəttə, biz bir hər idman növündə bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız mən və bütün futbolçularım üçün önəmlidir. Çox istərdim ki, ümumiyyətlə, tək mənimlə deyil, bütün futbolçularla aranızda normal münasibətiniz olsun. Çünki bu da inkişafın vacib hissəsidir".
Baş məşqçi daim mediadan razı qaldığını vurğulayıb: "Həmişə mediaya uğurlar arzulamışam, mediadan narazılıq etməmişəm. Sadəcə, fikir bildirmişəm ki, bunu deməsəniz, daha yaxşı olardı. Amma ümumən, həmişə razı qalmışam. Hər zaman demişəm ki, fərq etmir: idman sahəsi və ya digər sahələr, media xalqımızın çox vacib hissələrindən biridir.
Buna görə, mənim heç vaxt media nümayəndələrinə, onların gördükləri kimi yazmasına, dürüstlüyünə şübhəm olmayıb. Hər birinizə şəxsi həyatınızda və peşənizdə uğurlar arzulayıram”.